Facility Management Group (FMG) bu il Azərbaycanda ilk dəfə “Daşınmaz əmlakın idarə olunması” ixtisası üzrə bakalavr təhsilinə başlayan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirib.
Ölkədə son 30 ildə davam edən genişmiqyaslı tikinti bumu nəticəsində yaşayış və kommersiya obyektlərinin sayı sürətlə artsa da, ekspert təhlillərinə görə, hazırda yerli daşınmaz əmlak sektorunda çalışan mütəxəssislərin təxminən 95 faizi tam hüquqi və peşəkar idarəetmə biliklərinə malik deyil. Məhz bazardakı bu ciddi kadr boşluğunu və peşəkar idarəetmə ehtiyaclarını nəzərə alan FMG, gələcəyin mütəxəssislərinə real sektorun tələblərini hələ tələbəlik illərindən aşılamağı hədəfləyir.
Bu məqsədlə, şirkətin binaların idarə edilməsi və istismarı üzrə meneceri Zülfüqar Quliyev tədris proqramı çərçivəsində qonaq spiker kimi çıxış edib. Görüşün əsas mövzusu binaların və onlardan istifadə edən insanlara göstərilən xidmətlərin idarə edilməsi (facility management) olub. Zülfüqar Quliyev FMG-nin idarə etdiyi layihələrdən nümunələr paylaşaraq bir binanın gündəlik fəaliyyətinin arxasında müxtəlif komandaların necə birgə çalışdığını göstərib. Tələbələr layihələrdə texniki sistemlərin fasiləsiz işləməsi, təhlükəsizliyin təmin olunması və gündəlik xidmətlərin təşkili kimi vəzifələrin bir-biri ilə necə əlaqələndiyini öyrəniblər.
Gənc istedadların inkişafını daim dəstəkləyən FMG bu ixtisasın ilk tələbələri ilə əlaqəni onların təhsili boyunca davam etdirməyi planlaşdırır. Şirkət ekspertləri ilə görüşlər və təcrübə paylaşımına yönələn digər təşəbbüslər vasitəsilə tələbələrin həm seçdikləri peşəni, həm də bazarın gözləntilərini dərindən mənimsəməsinə dəstək veriləcək.
Məlumat üçün: Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakın kompleks idarə olunması sahəsində aparıcı şirkətlərdən biridir. Şirkətin portfelinə yaşayış kompleksləri, biznes və ticarət mərkəzləri, eləcə də digər əmlak aktivləri daxildir. FMG bu obyektlərdə texniki istismar, icarə, satış və gündəlik xidmətləri həyata keçirərək sakinlər, icarəçilər və ziyarətçilər üçün rahat və təhlükəsiz mühit yaradır.