25 May 2026
Facility Management Group (FMG) Qurban bayramında uşaq sığınacağını ziyarət edib

Sosial məsuliyyət layihələrinə xüsusi önəm verən Facility Management Group (FMG) şirkətinin rəhbərliyi və əməkdaşları Qurban bayramı münasibətilə “Ümid Yeri” uşaq sığınacağında yaşayan uşaqları ziyarət ediblər. Bayram günündə həyata keçirilən bu təşəbbüs uşaqlara sevinc bəxş etməklə yanaşı, onların qayğı və diqqət hiss etməsinə töhfə verib.

FMG şirkəti tərəfindən valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara lazımi ləvazimatlar, o cümlədən yataq dəstləri və yay yorğanları hədiyyə edilib. Bununla yanaşı, uşaqlarla səmimi söhbətlər aparılıb, onların gündəlik həyatı və ehtiyacları ilə maraqlanılıb.

Bu cür sosial layihələrin əsas məqsədi yalnız maddi dəstək göstərmək deyil, eyni zamanda uşaqlara mənəvi dayaq olmaq, onları sevindirmək və cəmiyyətin ayrılmaz bir parçası olduqlarını hiss etdirməkdir. Şirkət gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, sosial məsuliyyət layihələrinə və xeyriyyə aksiyalarına xüsusi önəm verən Facility Management Group (FMG) əmlak idarəçiliyi sahəsində uzun illərdir uğurla fəaliyyət göstərir. Şirkət ofis və yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, eləcə də müxtəlif təyinatlı daşınmaz əmlakların peşəkar idarə olunmasını həyata keçirir. Müasir yanaşmaları və yüksək xidmət keyfiyyəti ilə seçilən FMG bu sahədə ölkənin aparıcı şirkətlərindən biri kimi tanınır.